AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Əvvəlcə, Mərkəzi Seçki Komissiyasının 2003-cü il oktyabr ayının 1-də, 3-də, 5-də, 8-də, 13-də, 15-də, 20-də, 27-də və dekabrın 25-də keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra Əli Məmməd oğlu Abbasovun Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilməsi barədə Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun məlumatı dinlənilmişdir. O bildirmişdir ki, Ə. M. Abbasov Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin olunması ilə əlaqədar Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilməsini xahiş edir. Mərkəzi Seçki Komissiyası Ə. M. Abbasovun deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul etmişdir.
Komissiya sədrinin müavini Svetlana Qasımova 65 saylı Sabirabad-Kürdəmir seçki dairəsi dairə seçki komissiyasının, MSK katibi Vidadi Mahmudov isə 32 saylı Sabunçu–Suraxanı seçki dairəsi dairə seçki komissiyasının və 89 saylı Göyçay–Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı müvafiq dairə seçki komissiyalarının təklifləri barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası həmin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının 25 fevral 2003-cü il tarixli qərarı ilə əlaqədar məhkəməyə müraciət edilməsi haqqında məsələyə baxmışdır. Qərara alınmışdır ki, həmin seçki dairəsi dairə seçki komissiyasının üzvü Əşrəfov Taleh Ənvər oğlu öz səlahiyyətlərini müntəzəm icra edə bilmədiyi üçün onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məhkəməyə müraciət olunsun.
Komissiyanın iclasında Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər müzakirə edilmiş və müvafiq qərarlar çıxarılmışdır.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.