AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli Fərmanının 1-ci bəndinin 7-ci abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 2002-ci il 26 noyabr tarixli 186 nömrəli qərarına əsasən “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası” təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 165 nömrəli qərari ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkoloji xəstələr barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın ikinci bölməsinin 9-cu bəndi qüvvədən düşmüş hesab olunmuşdur.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli Fərmanının 1-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 2002-ci il 26 noyabr tarixli 187 nömrəli qərarına əsasən “Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları” təsdiq edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.