RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham müəllim!
Sizə dərin ehtiram və təşəkkürümü bildirərək məlum edirəm ki, bu gün mənim Baş nazirin birinci müavini vəzifəsinə təyin edildiyim vaxtdan tam 14 il keçir. Doğma Azərbaycanımın ayrılmaz tərkib hissəsi olan mənim taleyim və fəaliyyətim də kəşməkəşli və şərəfli olmuşdur. İstər indi hərtərəfli inkişaf yolu ilə irəliləyən Azərbaycanın uğurlarında, istərsə də mənim şəxsiyyət kimi formalaşmağımda ulu öndər Heydər Əliyevin müqayisəyəgəlməz xidmətləri olmuşdur. Özünün yenilməz iradəsi ilə o, vətənimiz üçün ən ağır dövrlərdə müstəqilliyimizi bərqərar etməyi bacardı, xalqın yenilməz etimadını qazanaraq, itirilmək təhlükəsi qarşısında olan dövlətçiliyimizi dönməz və əbədi etdi. Mənim üçün fəxrdir ki, bu tarixi dirçəliş dövründə mən də hadisələrin mərkəzində olmuşam.
Birgə işlədiyimiz dövrdə, ondan əvvəl də təmasda olduğumuz vaxtlarda Sizin mənə xoş və səmimi münasibətinizi fəaliyyətimə verilən ən yüksək qiymət sayıram. Mən Sizdən çox razıyam və Sizə ürəkdən təşəkkürümü bildirirəm. Ölkədə ən mühüm post olan Prezidentlik dövrünün 10 il müəyyənləşdirildiyi halda, mənə elə gəlir ki, məmurların iş müddəti də müəyyən məntiqi çərçivədə olmalıdır. Başa düşürəm ki, kadrlar arasında durmadan rotasiya getməli, idarəçiliyə yeniləşən şəraitə uyğun, müasir düşüncəli insanlar cəlb edilməlidir.
Seçki ərəfəsi Siz demişdiniz ki, hər bir azərbaycanlının Prezidenti olacaqsınız və sözünüzə də əməl etdiniz.
Tutduğum vəzifədən istefamı qəbul etməyinizi xahiş etməklə, Sizi əmin edirəm ki, sıravi vətəndaş kimi də mənim sevimli Prezidentim olaraq qalırsınız.
Dərin hörmətlə və uğurlar arzusuyla,
Abbas Abbasov
18 may 2006-cı il.