RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV GÜRCÜSTAN DÖVLƏTİNİN BAŞÇISI EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞMÜŞDÜR
Tarixi dostluq və mehriban qonşuluq ənənələrinə malik olan xalqlarımızın hazırda qarşılaşdığı çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi söhbətin əsas mövzusuna çevrildi. Azərbaycanın və Gürcüstanın dövlət başçıları nəinki öz ölkələrində, bütövlükdə Zaqafqaziyada sülhün bərqərar edilməsinin vacibliyi barədə yekdil rəydə olduqlarını vurğuladılar.
Çeçenistan hadisələri ilə əlaqədar Azərbaycanın blokada vəziyyətində qalmasından da söhbət açıldı. Azərbaycana daşınan yüklərin vaxtında çatdırılmasında Gürcüstanın Poti və Batumi limanlarının hazırda xüsusi əhəmiyyətə malik olduğu qeyd edildi.
Görüşdə ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi ilə əlaqədar məsələlərdən də bəhs olundu və bildirildi ki, tərəflər bu sahələrdə əməkdaşlığın inkişafına ciddi diqqət yetirməlidirlər.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə digər məsələlərdən də bəhs olundu.