AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV MOSKVAYA GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 23-də Moskvaya işgüzar səfərə gəlmişdir.
Azərbaycan dövlətinin başçısını “Vnukovo-2” hava limanında Rusiya xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov və Rusiya Federasiyasının digər yüksək vəzifəli rəsmi şəxsləri, habelə Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov, xarici işlər naziri Vilayət Quliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev qarşıladılar.
Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Vorobyovıye qorıda onun üçün ayrılmış iqamətgaha yola düşdü.
Dövlətimizin başçısı günortadan sonra Kremlə gəldi, burada onu Rusiya Prezidenti Vladimir Putin mehribanlıqla qarşıladı.
Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirildi. Prezidentlər Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişaf perspektivlərinə dair məsələlər barədə geniş fikir mübadiləsi apardılar.
Təkbətək görüşdən dərhal sonra Rusiya-Azərbaycan danışıqları geniş tərkibdə davam etdirildi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təbrik sözündə onun dəvətini qəbul edib Moskvaya işgüzar görüşə gəldiyinə görə, Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkürünü bildirdu. Rusiya rəhbəri son vaxtlar Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin intensiv və dinamik inkişaf etməsindən çox məmnun olduğunu söylədi.
Azərbaycan Prezidenti Heydər Əliyev vurğuladı ki, Rusiyaya səfərin ölkəmiz üçün böyük əhəmiyyəti var və hər bir belə görüş Rusiya-Azərbaycan münasibətlərini inkişaf etdirir və möhkəmləndirir. Dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin intensiv inkişafından məmnun qaldığını bildirdi.
Danışıqlardan dərhal sonra Kremlin “Səfir salonu”nda ikitərəfli sazişlərin imzalanma mərasimi oldu.
Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgüsü haqqında saziş” imzaladılar.
Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə “Rusiya Federasiyasının hökuməti ilə Azərbaycan Respublikasının hökuməti arasında təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması haqqında saziş” imzalandı. Onu Rusiya Federasiyasının təhsil naziri Vladimir Filippov və Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov imzaladılar.
Sonra Rusiya Federasiyasının Sənaye, Elm və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi arasında “İqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş” və “Rusiya Federasiyasının hökuməti ilə Azərbaycan Respublikasının hökuməti arasında hərbi təyinatlı məhsul istehsalında iştriak edən müəssisə və təşkilatların ixtisasının saxlanması haqqında saziş” imzalandı. Sazişləri Rusiya Federasiyasının sənaye, elm və texnologiyalar naziri İlya Klebanov və Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev imzaladılar.
Sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə mətbuat konfransı keçirdilər. Dövlət başçıları əvvəlcə bəyanatla çıxış etdilər, sonra isə jurnalistlərin suallarına cavab verdilər.
Axşam Azərbaycan Prezidenti Heydər Əileyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin işgüzar şam yeməyi oldu.
Aslan Aslanov,
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbirləri
Moskva