AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİNİ QƏBUL ETMİŞDİR
Prezident İlham Əliyev yeni təyinatı münasibətilə Mauritsio Pavezini təbrik edərək, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzuladı.
Azərbaycanın ATƏT-in fəal üzvü olduğunu və onun tədbirlərində mütəmadi iştirak etdiyini bildirən dövlətimizin başçısı ölkəmizin bu təşkilatla əməkdaşlığına böyük əhəmiyyət verdiyini söylədi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə məşğul olduğunu, eyni zamanda, bu sahədə indiyə qədər heç bir nəticə əldə edilmədiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bütün regionda sülhə və sabitliyə təhlükə törədən bu münaqişənin yalnız beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edilməsinin zəruriliyini bir daha vurğuladı. O qeyd etdi ki, Azərbaycan regional təhlükəsizliyin təmin olunmasına böyük töhfə verir və ölkəmiz qlobal regional layihələrdə fəal iştirak edir. Bütün bunlar regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyini və bunun bütövlükdə regionun inkişafında böyük əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizdə sosial məsələlərin uğurla həll olunduğunu, o cümlədən Ermənistanın işğalı nəticəsində ev-eşiklərini itirmiş bir milyon qaçqın və köçkünün həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü bildirdi.
Dövlətimizin başçısı Azərbaycanda demokratikləşmə prosesinin də uğurla davam etdiyini vurğulayaraq, ölkəmizin beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Azərbaycan Avropa Şurasının üzvü olduğu üç il müddətində bu təşkilat qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ölkəmizin Avropa strukturlarına və Avropa ailəsinə inteqrasiyası gələcəkdə də uğurla davam etdiriləcək və ATƏT bu proseslərdə Azərbaycana bundan sonra da kömək göstərəcəkdir.
Səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Mauritsio Pavezi təmsil etdiyi təşkilatın Avropada əməkdaşlığın möhkəmləndirilməsi prinsiplərinə əsaslandığını və Azərbaycanla ATƏT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu söyləyən qonaq öz fəaliyyətində bu təşkilatla ölkəmiz arasında əlaqələrin daha da möhkəmləndirilməsini əsas tutacağını bildirdi.
Görüşdə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdi.