AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Respublikanın səhiyyə işçiləri adından və şəxsən öz adımdan Sizi -xalqımızın yenilməz, qüdrətli liderini, yeganə ümid və nicatımız olan müdrik rəhbərimizi səmimi qəlbdən salamlayır, ən müqəddəs arzu və duyğularımızı yetirirəm.
Bütün tarixlər üçün ən yüksək humanizm mücəssəməsinə, bəşəri xeyirxahlıq nümunəsinə çevrilmiş, müqəddəs ümumxalq liderimiz, qüdrətli Prezidentimiz olaraq, Sizin növbəti müdrik qərarınızla, ən humanist sahədə çalışan tibb işçilərinin əmək haqlarının artırılması barədə Sərəncamınızla əlaqədar cəmiyyətimizin fəal və öncül nümayəndələri olan səhiyyə işçilərinin bugünkü sevinc və bəxtiyarlıq duyğuları sonsuz və tükənməzdir.
Sizin dövlət başçısı olaraq tarixi fəaliyyət salnamənizdə cəmiyyətin bütün önəmli sahələri kimi, milli səhiyyəmizə bir an belə səngiməyən qayğı və diqqətiniz hər günümüzdə, hər saatımızda hiss olunmaqdadır.
Əziz və möhtərəm Prezidentimiz, Siz dəfələrlə öz çıxışlarınızda müqəddəs həkim peşəsinə müstəsna doğma münasibətinizi bildirmiş, tibb işçilərinə ən səmimi dostluq və ehtiramınızı ifadə etmisiniz. Məhz indi, ölkəmizin çətin iqtisadi şəraitində bir çox sahələr kimi, səhiyyə sahəsində çalışan insanlara da dövlət səviyyəsində qayğı göstərərək, onların maddi rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin möhkəmləndirilməsi, əmək haqlarının 50 faiz artırılması, dövlət büdcəsindən bu məqsədlə böyük vəsait - 30 milyard manat ayrılması məhz bu böyük qayğının bariz nümunəsidir.
Bu nəcib və xeyirxah ali humanist qərar, səhiyyə sahəsində böyük tarixi yubiley - Azərbaycan Xalq Cümhuriyyətinin 85 illik yubileyi günlərində çox dəyərli töhfə olaraq bizi - 130 minlik cəfakeş səhiyyə nümayəndələrini çalışdığımız şərəfli sahədə yeni böyük əmək qələbələrinə və nailiyyətlərə ruhlandırır.
Bütün dünyada böyük nüfuzu olan nəhəng siyasi xadim, möhtəşəm tarixi şəxsiyyət kimi Sizin qazandığınız hər bir uğur və nailiyyət, son illərdə ölkəmizin böyük tərəqqisi layiqli, əvəzsiz rəhbəri olduğunuz doğma xalqımızı daim fərəhləndirir, hər bir vətən övladının qəlbinə, ruhuna qanad, gözlərinə işıq, qollarına qüvvət verir.
Əziz ümumxalq bayramı - Azərbaycan Xalq Cümhuriyyətinin 85 illik yubileyi günlərində, Zati-alinizin hakimiyyətə xilaskar qayıdışınız - Milli Qurtuluş günü, qadir və müdrik dühanızla təsis etdiyiniz tibb işçilərinin peşə bayramı - 17 iyun günü ərəfəsində sosial sahədə yeni uğurlu addım, cəmiyyətin nüfuzlu bir təbəqəsini əhatə edən tibb işçilərinin maddi rifah halının yaxşılaşdırılmasına dair növbəti müdrik və xeyirxah qərarınıza görə çoxminli həmkarlarımız adından Sizə əbədi ehtiram və minnətdarlıq duyğularımızı yetiririk.
Sizə uzun ömür, möhkəm cansağlığı, növbəti prezident seçkilərində zəfər və qələbələr diləyirik.
Qoy uca Tanrı xalqımızın xoşbəxtliyi və firavanlığı naminə daim Sizə yar olsun!
Ən dərin hörmət və ehtiramla,
Əli İnsanov
Azərbaycan Respublikasının
səhiyyə naziri