AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
“Əsrin müqaviləsi”nin 10 illiyi münasibətilə Bakıda təşkil olunan mərasimlərdə iştirak etmək üçün mənə göndərdiyiniz səmimi dəvətə görə Sizə minnətdaram. Əfsuslar olsun ki, Nyu-Meksiko ştatının qubernatoru kimi apardığım işlər sentyabrın 20-də Azərbaycana gəlməyimə imkan verməyəcəkdir.
ABŞ-ın enerji katibi vəzifəsində çalışdığım dövrdə Azərbaycanın rəhbərliyi ilə, xüsusən də mərhum Prezident Heydər Əliyevlə keçirdiyim görüşləri və əməkdaşlığı hər dəfə xoş xatirələrlə yada salıram. Əminəm ki, onun enerji siyasəti Azərbaycanın davamlı iqtisadi inkişafı və gələcək illərdə Xəzər regionunun dünyanın mühüm qlobal enerji mənbəyinə çevrilməsi üçün möhkəm zəmin yaratmışdır.
İnanıram ki, enerji sahəsindəki əməkdaşlığımız iki ölkə arasında olduqca uğurla inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini bundan sonra da möhkəmləndirəcəkdir.
Əlamətdar ildönümü münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə,
Bill Riçardson
Nyu-Meksiko ştatının qubernatoru
14 sentyabr 2004-cü il.