AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident!
Əziz İlham Heydər oğlu!
Sizin tərəfinizdən Azərbaycan Respublikasının ali mükafatı - “İstiqlal” ordeni ilə təltif edilməyim qəlbimi riqqətə gətirdi. Böyük sevinc və kövrək duyğular məni bu məktubu yazmağa sövq etdi.
Müstəqil dövlətimizin Prezidenti tərəfindən belə bir yüksək ordenə layiq görülməyim mənə dünya qədər sevinc bəxş edib. Bu mükafat təkcə mənə yox, ölkəmizin çoxminli mədəniyyət işçilərinin əməyinə verilən yüksək qiymətdir. Bəstəkar, musiqiçi və bir təşkilatçı kimi xalqın, millətin qarşısında xidmətlərim, milli mədəniyyətimizin inkişafı və təbliği sahəsində əməyim dövlət tərəfindən belə yüksək qiymətləndirilirsə, deməli ötən ağrılı-acılı, sevinc və fərəh dolu illərim hədər getməyib.
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan xalqının ümummilli lideri, böyük insan Heydər Əliyevin Bülbül ocağına illər uzunu göstərdiyi qayğı və diqqət bu gün Sizin tərəfinizdən davam etdirilir. Yaradıcı insana Heydər Əliyev qayğısı bu gün İlham Əliyevin simasında yenidən öz təsdiqini tapır. Bu gün Heydər Əliyevin oğlu Bülbülün oğluna belə bir ali mükafatı təqdim edirsə, bunun böyük və dərin bir rəmzi mənası var. Mən bunu çox yüksək qiymətləndirirəm.
Sizin Sərəncam elan ediləndən sonra mənim ünvanıma hər saat saysız təbrik məktubları axıb gəlir. Təbrik edənlər arasında sadə insanlar, əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri var. Onlar bu təbriklərində Sizinlə həmrəy olduqlarını bildirirlər. Uzun illər ərzində sənətim və fəaliyyətimlə millətimə xoş anlar, xoşbəxt dəqiqələr yaşatmaq istəmişəm. Və bu gün xalqımın sevgi dolu təbriklərini Sizə ünvanlayıram. Çünki bu təbriklər Sizin mənə böyük diqqətinizin nəticəsidir.
Cənab Prezident!
Bir daha yüksək mükafat üçün Sizə dərin təşəkkürlərimi bildirirəm. Bizim hamımızın, ulu öndərimizin təbirincə desək, bir Vətəni var -Azərbaycan!
Onu tanıtmaq, onun imzasını imzalar içində bir daha təsdiq etmək, Vətənin rifahı, xalqımızın xoşbəxtliyi yolunda görəcəyiniz işlərdə Sizə yaxından kömək olmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.
Böyük hörmət və ehtiramla,
Polad Bülbüloğlu
Bakı şəhəri, 4 fevral 2005-ci il.