AZƏRBAYCAN-RUMINİYA BİZNES FORUMU ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Açılış mərasimində iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan ilə Rumıniya arasında iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələrin genişləndirilməsi məqsədi ilə keçirilmiş görüşlərin, qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin əhəmiyyətini vurğulamış, xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunmasını, yerli iş adamlarının dünya bazarlarına çıxışının təmin olunmasını dəyərləndirmiş, forumun işinə uğurlar arzulamışdır.
Konfederasiyanın prezidenti Ələkbər Məmmədov Azərbaycan ilə Rumıniya arasında mövcud əməkdaşlıq barədə məlumat vermiş, indiyədək hər iki dövlət arasında 22 sənəd imzalandığını, ticarət dövriyyəsinin 22,7 milyon ABŞ dolları təşkil etdiyini diqqətə çatdırmışdır.
Rumıniya-Azərbaycan Sənaye Ticarət Palatasının prezidenti Georgi Draqomir ölkələrimiz arasında əməkdaşlığın perspektivlərindən danışmış, görüşdə iştirak edən rumın iş adamlarının fəaliyyəti barədə məlumat vermişdir.
Forumda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Rumıniya-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Biznes forum çərçivəsində Rumıniyanın nəqliyyat, tikinti, neft və iqtisadiyyat sahələrində fəaliyyət göstərən iş adamları ilə yerli sahibkarların görüşü təşkil edilmişdir.