İQTİSADİYYAT
Azərbaycan sahibkarları Moskvada Avrasiya Yüngül Sənaye Sammitində iştiraka dəvət edilirlər
![Azərbaycan sahibkarları Moskvada Avrasiya Yüngül Sənaye Sammitində iştiraka dəvət edilirlər](/files/2024/1/1200x630/17067698695856737632_1200x630.jpg)
Bakı, 1 fevral, AZƏRTAC
MDB-yə üzv dövlətlərin illik Beynəlxalq İqtisadi Forumunun genişləndirilmiş tədbirlər proqramı çərçivəsində bu il martın 21-24-də Moskvada Avrasiya Yüngül Sənaye Sammiti keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Azərbaycan sahibkarları sammitdə iştiraka dəvət edilirlər. Sammit çərçivəsində dövlətlərarası sənaye görüşü, Avrasiya regionu ölkələrində yüngül sənayenin inkişafının ən aktual məsələlərini əhatə edən işgüzar proqram, eləcə də sənayenin bütün seqmentlərindən olan məhsul, xammal və texnologiyaların beynəlxalq sərgisi keçiriləcək. Sərgi iştirakçılarına məhsulların nümayişi, həmçinin alıcı və təchizatçılarla danışıqların aparılması üçün əlverişli şərait yaradılacaq. Yüngül sənayenin potensialını daha səmərəli təqdim etmək üçün sərgi ekspozisiyasında iştirakçı ölkələrin milli stendləri, regionların kollektiv ekspozisiyaları, ixtisaslaşmış assosiasiyalar və birliklər yer alacaq.
İxtisaslaşdırılmış bölmələrdə istehsal müəssisələrinin fərdi stendləri təqdim ediləcək. Burada ayaqqabılar, çantalar, dəri məmulatları, geyim, tekstil materialları, xəz və digər məhsullar nümayiş olunacaq.