ELM VƏ TƏHSİL
AZƏRBAYCAN TƏBİƏTİNİN QORUNMASINDA AKADEMİK HƏSƏN ƏLİYEVİN XİDMƏTLƏRİ MİSİLSİZDİR
GÖRKƏMLİ ALİMİN YUBİLEYİNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS
Görkəmli alim, Azərbaycan torpağının və təbiətinin əsl təəssübkeşi, akademik Həsən Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Akademik Həsən Əliyev və Azərbaycanda ətraf mühitin daimi inkişaf problemləri” mövzusunda elmi-praktiki konfrans işinə başlamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş konfransda Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, müavinləri Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, baş nazirin birinci müavini Abbas Abbasov, parlamentin deputatları, nazirlər, ali məktəblərin və akademiya institutlarının rəhbərləri, alimlər iştirak edirdilər.
Konfrans başlanmazdan əvvəl onun iştirakçıları Fəxri xiyabana gedərək, alimin məzarını ziyarət etdilər və onun üzərinə gül-çiçək qoydular.
Konfrans akademik haqqında “Torpağa bağlı ömür” sənədli filminin nümayiş etdirilməsi ilə başlandı. Sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək, yubileylə əlaqədar nazirliyin həyata keçirdiyi tədbirlər planından danışdı. O bildirdi ki, nazirliyin saytının baş səhifəsində Həsən Əliyevin həyatı və elmi fəaliyyəti haqqında geniş məlumat verilmiş, “Azərbaycan təbiəti” jurnalının xüsusi nömrəsi buraxılmış, akademikin “Həyəcan təbili” kitabı latın qrafikası ilə yenidən nəşr olunmuş, onun adını daşıyan küçədə iməciliklər keçirilmiş və ağaclar əkilmişdir.
Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu il təsis olunmuş akademik Həsən Əliyev adına mükafat üçün müsabiqənin qalibləri elan edildi. Nazirliyin ekoloji siyasət və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Firdovsi Əliyev bildirdi ki, müsabiqəyə göndərilmiş işlər üç nominasiya - elm, təhsil və ekoloji maarifçilik, təbii sərvətlərdən səmərəli istifadə problemləri, bioloji müxtəliflik və ətraf mühitin daimi inkişafı məsələləri nominasiyaları üzrə seçilmişdir. 2 milyon 500 min manat məbləğində mükafatlara “Elmin yanar şamları” kitabına görə Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov, “Azərbaycan meşələri” kitabına görə professorlar Mahmud Xəlilov və Qərib Məmmədov, təbiətin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan təbiəti” jurnalının baş redaktoru, xalq şairi Məmməd Araz layiq görülmüşlər.
Sonra akademik Budaq Budaqov, Milli Elmlər Akademiyasının müxbir üzvü Şahvələd Xəlilov, təhsil naziri Misir Mərdanov çıxış edərək, akademik Həsən Əliyevin elmi və ictimai-siyasi fəaliyyətinin əsas mərhələlərindən danışdılar və onun fədakar əməyi sayəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində böyük işlər görüldüyünü xüsusi vurğuladılar.
Alimin oğlu Rasim Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək, hamını onun başladığı işi davam etdirməyə və təbiətə daha çox qayğı göstərməyə ciblərini doldurmaq naminə meşələri qıranları hər vasitə ilə ifşa etməyə, akademik Həsən Əliyevin yaratdığı və 20 ildən artıq rəhbəri olduğu Respublika Təbiəti Mühafizə Cəmiyyətinin işini dircəltməyə çağırdı.
Dekabrın 13-də konfrans işini bölmələrdə davam etdirəcəkdir.