Azərbaycan Tibb Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC, Raisə Abbasova). Fevralın 24-də Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək XX əsrin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımının bütün türk dünyasının faciəsi olduğunu vurğulamışdır.
Bildirmişdir ki, bəşəriyyət tarixində misli görünməmiş bu faciə yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra həqiqi qiymətini almış və onun dünya miqyasında tanıdılması istiqamətində geniş təbliğat işlərinə başlanılmışdır.
ATU-nin insan anatomiyası kafedrasının professoru, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü Mübariz Allahverdiyev demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndidə yerləşən keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıda misli görünməmiş qırğın törətmiş, şəhəri yerlə-yeksan etmişlər.
Tədirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclidin deputatı Məlahət İbrahimqızı çıxış edərək demişdir ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Digər çıxış edənlər də ermənilər tərəfindən zaman-zaman Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər haqqında danışmışlar.