AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏDRİS-TERAPEVTİK KLİNİKASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda tibbi kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinin klinik fənləri tədris edən bir çox kafedralarının hal-hazırda Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi tədris prosesinin təşkilinə mənfi təsir göstərir.
Klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradılması məqsədi ilə qərara alıram:
Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə
universitetin çoxprofilli tədris-terapevtik klinikası yaradılsın.
2. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan tikinti işlərinin başlanması üçün Azərbaycan Tibb Universitetinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-
ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin və tikintinin başa çatdırılması üçün növbəti illərdə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2007-ci il.