Azərbaycan ÜHST-nin regional komissiyasının vitse-prezidenti seçilib YENİLƏNİB
Paris, 29 may, AZƏRTAC
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 92-ci Ali Baş Sessiyası çərçivəsində keçirilən seçkilərdə Azərbaycan ÜHST-nin regional komissiyasının vitse-prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev ÜHST-nin regional komissiyasının vitse-prezidenti vəzifəsini icra edəcək.
Regional komissiya bu təşkilata daxil olan 53 ölkəyə kuratorluq edir. Həmin ölkələrdə tətbiq ediləcək çoxsaylı tədbirlər Azərbaycanın koordinasiyası ilə həyata keçiriləcək. Həmçinin təşkilatın gələcək strategiyaları və proqnozlarının hazırlanması ölkəmizin iştirakı ilə olacaq.
Eyni zamanda, gələcək fəaliyyət strategiyalarının və proqnozların hazırlanması ölkəmizin iştirakı ilə olacaq. Bununla da Azərbaycanın digər ölkələrlə ikitərəfli əməkdaşlıq qurmaq potensialı yüksələcək.
92-ci Ali Baş Sessiyada müxtəlif ölkələrin nümayəndə heyətləri qlobal heyvan sağlamlığı və rifahı üçün davamlı gələcəyi birlikdə formalaşdırmaq yollarını araşdırıblar. Bu gün başa çatacaq sessiyada bir çox ölkələrə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Azərbaycan ÜHST-nin 2024-cü ildə keçirilən 91-ci Ali Baş Sessiyasında heyvan sağlamlığı statusunun rəsmi tanınması sertifikatı təqdim edilmiş 5 ölkədən biri idi.