AZƏRBAYCAN UŞAQ FİLARMONİYASININ SİMFONİK ORKESTRİ BERLİNDƏ UĞURLA ÇIXIŞ ETMİŞDİR
Almaniyada Azərbaycan İli çərçivəsində tədbirlər seriyası davam edir. Ölkəmizin Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Berlinin möhtəşəm “Konzerthaus”unun Böyük salonunda Azərbaycan Uşaq Filarmoniyası simfonik orkestrinin konserti olmuşdur. Bu, həm də Yay Avropa musiqisi adlı - young.euro.classic-2008 festivalı çərçivəsində təşkil edilmiş konsertdə Azərbaycanın gənc istedadlarının ilk çıxışı idi.
Young.euro.classic-2008 festivalı „Dünya musiqisi Berlində” şüarı altında gənc musiqiçiləri paytaxta dəvət edir və Avropanın orkestr mədəniyyətinin çoxşaxəliliyini nümayiş etdirir.
Konsertdən əvvəl tanınmış alman aktrisası Sandra Nedeleff Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti və müasir inkişafı haqqında məlumat vermişdir. Dinləyicilərdə çox xoş təsir buraxan natiq onları Azərbaycana səfər etməyə və qədimliyi və müasirliyi, Şərq və Qərb mədəniyyətinin sintezini özündə əks etdirən bu ölkəni görməyə çağırmışdır.
Sonra orkestr dirijor Fuad İbrahimovun idarəsi ilə çox maraqlı konsert proqramı təqdim etmişdir. Konsertdə bəstəkar Elmir Mirzəyevin „İllüminasiya” əsərinin premyerası olmuş, Qara Qarayevin “Don Kixot” simfonik qravürləri ifa edilmişdir. Gənc musiqiçilər Şubert və Motsartın əsərlərini ifa etməklə Avropanın musiqi tarixinin şah əsərlərini nümayış etdirməyə qadir olduqlarını sübut etmişlər. Dinləyicilərin sürəkli alqışlarından sonra orkestr Fikrət Əmirovun “Azərbaycan kapriçiosu”nu səsləndirmişdir.
Beynəlxalq festivalın ən gənc iştirakçıları da bu il Azərbaycandan olmuşlar: Fuad İbrahimov ən gənc dirijor, 13 yaşlı pianoçu Rüstəm Zeynalov isə ən gənc ifaçı kimi çıxış etmişlər. Konsert çox böyük uğurla keçmiş, 1500 nəfərlik konsert salonu tam dolmuşdur.
Konsertdən sonra KfW, bankı ziyafət təşkil etmişdir. KfW-nin İdarə heyətinin üzvü xanım İ.Mathoys-Mayer ziyafətdə çıxış edərək, ölkəmizdə gedən sürətli iqtisadi inkişaf və yenidənqurma işləri barədə danışmışdır. Ziyafətdə Berlində akkreditə olunmuş diplomatik korpusun üzvləri, Bundestaqın deputatları, elmi və ictimai dairələrin nümayəndələri iştirak etmişlər.