Azərbaycan və Avstraliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Milli Məclisdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və Avstraliyanın parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
İşçi qrupun rəhbəri Xanlar Fətiyev avstraliyalı parlamentarilərin Azərbaycana səfərinin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəyini deyib. O, Azərbaycanın tarixi, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf prosesləri, Milli Məclisin strukturu, fəaliyyəti barədə qonaqlara məlumat verib. Bildirilib ki, Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkə parlamentinin də əsası qoyulub. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan 20 ildən artıqdır ki, uğurla inkişaf edir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu, ölkəmizin dinamik inkişafına yönələn siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
İşçi qrupun üzvü Çingiz Əsədullayev Azərbaycan və Avstraliya parlamentləri arasındakı əlaqələrin dərinləşdirilməsinin önəmindən danışıb. O deyib ki, Azərbaycan parlamenti beynəlxalq əlaqələrə böyük önəm verir. Milli Məclisdə hazırda 70-dən artıq ölkənin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Qonaqlara, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib.
Avstraliya parlamentinin üzvü Luke Simpkins Azərbaycana səfərdən şad olduqlarını bildirib. O, səfər çərçivəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair müzakirələrin aparıldığını söyləyib.
Avstraliyalı deputat Azərbaycanda gedən inkişaf proseslərinin, xüsusilə də iqtisadi və sosial sahələrdə nailiyyətlərin təqdirəlayıq olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan-Avstraliya əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.