AZƏRBAYCAN VƏ AVSTRİYA DİN-LƏRİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Nazir qonaqları səmimiyyətlə salamladı, Avstriya ilə əlaqələrin genişlənməsi sahəsində mühüm işlər görüldüyünü və 2000-ci ildə dost ölkənin daxili işlər naziri Ernst Ştasser ilə görüşü zamanı ikitərəfli əməkdaşlığa dair imzalanmış memorandumu xatırlatdı və dedi ki, bundan sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə və digər idarələr arasında münasibətlər yaranmış, əlaqələr inkişaf etmişdir.
General-polkovnik Ramil Usubov DİN-in rəhbər şəxslərini təqdim etdi, respublikamızda kriminogen durum, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələri barədə məlumat verdi. Nazir xüsusi vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkədə ictimai siyasi sabitlik bərqərar olmuşdur. İndi MDB ölkələri arasında hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan müsbət mənada sonuncu yerləri tutur.
Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən qonaq nazir Ernst Ştasserin salamını çatdırdı, əlaqələrin genişlənməsindən məmnunluğunu bildirdi, nümayəndə heyətinin üzvlərini təqdim etdi.
Vyana Şəhər Baş Polis İdarəsinin rəisi Piter Ştidl Avstriya paytaxtında kriminogen vəziyyət, cinayətkarlığa qarşı mübarizə barədə məlumat verdi, Azərbaycanda gedən demokratik prosesləri yüksək qiymətləndirdi.
Avstriyanın ölkəmizdəki səfiri xanım Haydemariya Gürerin iştirak etdiyi görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, qeyri qanuni miqrasiya, terrorizmlə mübarizə və digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
X X X
PROTOKOL İMZALANMIŞDIR
Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında “Polis əməkdaşlarının təlimi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığa dair protokol” imzalandı.
Protokolu Azərbaycan tərəfdən nazir Ramil Usubov, Avstriya tərəfdən isə nazir müavini, İctimai Təhlükəsizlik Departamentinin baş direktoru Erik Buksbaum imzaladılar.