AZƏRBAYCAN VƏ ESTONİYA ARASINDA UŞAQLARIN TƏCRÜBƏ MÜBADİLƏSİ PROQRAMI HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Estoniya nümayəndə heyətinin üzvləri olan uşaqlar və onları müşayiət edən şəxslərlə görüşmüşdür.
H.Hüseynova Azərbaycanda uşaqların inkişafı üçün zəruri şərait yaradıldığını qeyd etmiş, müdafiəsi istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdırmış, bu sahədə AQUPDK-nın fəaliyyətindən danışmışdır.
Komitə sədri 20 illik erməni təcavüzü nəticəsində ölkəmizdə insan hüquqlarının kütləvi şəkildə pozulduğunu, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, bu kateqoriyadan olan uşaqların da bir çox problemlərlə üzləşdiyini bildirmiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. O, uşaq problemlərinin həlli sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.
H.Hüseynova Avrasiya Hüquqşünaslar Assosiasiyası, Estoniya Respublikasının Q-Klub Uşaq təşkilatı və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Müxtəliflikdə həmrəylik” adlı proqramın əhəmiyyətindən danışmış, layihənin eston və Azərbaycanlı uşaqları arasında əlaqələrin inkişafı, milli dəyərlərin bölüşdürülməsində mühüm rol oynadığını qeyd etmişdir.
Proqramın Estoniya üzrə əlaqələndiricisi Kersti Kviryut layihənin icrasına göstərdiyi dəstəyə görə AQUPDK-ya minnətdarlığını bildirmişdir. Məlumat vermişdir ki, proqramın Azərbaycanda yüksək səviyyədə icra olunmasında göstərdiyi xidmələrə görə komitənin sədri Hicran Hüseynova müvafiq diplomla təltif olunmuşdur.
Proqram çərçivəsində estoniyalı qonaqlar - 13-18 yaşlı 20 məktəbli və 3 müəllim iyulun 7-dək azərbaycanlı ailələrdə yerləşdiriləcək, xalqımızın milli adət-ənənəsi ilə yaxından tanış olacaq, qaçqın və məcburi köçkünlərin yaşadıqları qəsəbələrə gedəcəklər.
Eyni məqsədlə 2009-cu ildə azərbaycanlı uşaqların Estoniyaya səfəri nəzərdə tutulmuşdur.
######
