Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Tbilisi, 2 noyabr, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov Gürcüstanın ədliyyə nazirinin müavini Beka Caniaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin hüquq-mühafizə, xüsusən də ədliyyə orqanları arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Söhbət zamanı “Məhbusların və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransın əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, bu cür görüşlər həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əməkdaşlığı daha da genişləndirir və möhkəmləndirir.
Görüşdə, ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətləri, eləcə də ədliyyə orqanları arasında əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi