Azərbaycan və Gürcüstan nümayəndələri arasında sosial xidmətlərin təşkilinə dair müzakirələr aparılıb
Bakı, 12 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Gürcüstanda təcrübə səfərində olub. Təcrübə proqramında nazirliyin Aparatının Övladlığagötürmə siyasəti şöbəsinin aparıcı məsləhətçisi Zeynəb Əhmədzadə və nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova, agentliyin Övladlığagötürmə departamentinin müdirinin müavini Əhməd Mansurov iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı Gürcüstanın İşğal altında olan Ərazilərdən Məcburi Köçkün olmuş Şəxslərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Münasibətlər nazirliklərində, İnsan Alveri Qurbanlarına Dövlət Qayğısı və Yardım Agentliyində görüşlər keçirilib. Görüşlər zamanı həmin ölkədə sosial xidmətlərin təşkili, uşaqlara göstərilən alternativ qayğı modelləri, himayədar ailə, dövlət qayğısından ailə tipli qayğı modelinə keçid haqqında təcrübə mübadiləsi və müzakirələr aparılıb.
Nazirlik nümayəndələrinə günərzi qayğı mərkəzləri, sığınacaqlar, fərdi qayğı proqramları, qayğıya ehtiyacı olan və yaşayış yeri olmayan şəxslərə göstərilən xidmətlər, uşaq və gənclərin reabilitasiya proqramları, ana və uşaqlar üçün sığınacaq, kiçik ailə tipli qrup evləri haqqında məlumat veriblər.
İnsan Alveri Qurbanlarına Dövlət Qayğısı və Yardım Agentliyində keçirilən müzakirələrdə alternativ qayğı xidmətlərinin təşkili və keys menecment prosesi, yerli nümayəndəliklərin fəaliyyəti, himayədar ailə, övladlığagötürmə prosesinin təşkili, monitorinqlərin keçirilməsindən danışılıb.
Təcrübə səfəri əlilliyi olan uşaqlar üçün ailə tipli qrup evlərinə səfər və burada uşaqlara qayğı, sosial iş müdaxiləsi, psixo-sosial reabilitasiya, uşaqların ailələrinə reinteqrasiyası işi ilə tanışlıqla davam edib.