Azərbaycan və İtaliya alimləri İmişlidə birgə tədqiqata başlayıblar
Bakı, 16 noyabr, AZƏRTAC
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə İtaliyanın Neapol Universiteti arasında 2017-ci il iyunun 12-də imzalanmış memoranduma əsasən İmişli rayonu ərazisində birgə tədqiqat işləri aparılıb.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan tərəfini İmişli ekspedisiyasının rəisi dosent Mikayıl Mustafayev, Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Səfər Aşurov, Numizmatika və epiqrafika şöbəsinin müdiri Akif Quliyev, İtaliya tərəfini isə Neapol Universitetinin Şərqşünaslıq departamentinin əməkdaşı doktor Manuel Kastelluççia təmsil edib.
İmişli ərazisində olan Qızıl Təpə, Yeddi Təpə və Qalayeri adlanan abidələrdə yerüstü arxeoloji materiallar toplanaraq abidələrin ərazisi və mühafizə zonaları müəyyən edilib. GPS koordinatları təyin edilən abidələrin fotogeometrik xəritəsinin hazırlanması məqsədilə DJV Phantom 4.2 PRO dronu vasitəsilə çəkilişlər aparılıb.
Tədqiqatın aparılmasında məqsəd gələcəkdə rayon ərazisində arxeoloji abidələrin məlumat bazasının yaradılması, pasportlaşdırılması və mühafizəsinin təşkilidir.
Bundan əlavə, abidələrin georadar vasitəsilə skan edilməsi də nəzərdə tutulur. Bu, gələcəkdə arxeoloji tədqiqatların səmərələşdirilməsini daha da artıracaq.