AZƏRBAYCAN VƏ KOREYA PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, mayın 11-də Prezident sarayında, təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Prezident İlham Əliyev Prezident Ro Mu Hyunu və səfərdə onu müşayiət edən nümayəndə heyətinin üzvlərini bir daha salamlayaraq, bu səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyini söylədi. Dövlətimizin başçısı dedi ki, bu gün və sabah keçirilən görüşlərdə ikitərəfli münasibətlərə aid olan məsələləri müzakirə etmək imkanımız olacaqdır. Mən əminəm ki, bu səfərdən sonra Koreya Respublikası ilə münasibətlərimiz bütün sahələrdə daha da sürətlə inkişaf edəcəkdir.
Koreya Respublikasının Prezidenti Ro Mu Hyun ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə və xalqına dərin təşəkkürünü bildirdi, Qafqaza ilk rəsmi səfərini məhz Azərbaycana etdiyini, ölkəmizin regionda sürətli iqtisadi inkişafa malik olduğunu vurğuladı. O dedi ki, mən ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra Koreya Respublikasının Azərbaycana rəsmi səfərə gəlmiş ilk Prezidentiyəm. Azərbaycanın bugünkü siyasi və iqtisadi inkişafı əməkdaşlığımızın genişləndirilməsinə əlavə imkanlar yaradır. İki ölkənin mövcud potensialı çox böyükdür və bundan axıra qədər istifadə olunmalıdır. Məhz bu məqsədlə özümlə dörd nazir gətirmişəm. Cənab Prezident, mən bu fürsətdən istifadə edib, Sizi və nazirlərinizi ölkəmizə dəvət edirəm.
Prezident İlham Əliyev dəvətə görə təşəkkür edərək dedi ki, Siz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmisiniz. Sizin fikrinizlə şərikəm ki, iki ölkənin böyük iqtisadi potensialı ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinə xidmət göstərəcəkdir.
Dövlətimizin başçısı artıq Azərbaycanın investisiya qoymaq iqtidarında olduğunu, Koreya Respublikasından sərmayə imkanları ilə yanaşı, bu ölkənin böyük kadr potensialından və iqtisadi sahədə təcrübəsindən yararlanmağın da zəruriliyini vurğuladı.
Prezident Ro Mu Hyun tarixi İpək yolunun bərpasının, digər nəqliyyat dəhlizlərinin Azərbaycan üçün əhəmiyyətindən danışdı və həyata keçirilən qlobal layihələrə, Bakıda səfirliyin açılmasına ölkəsinin böyük maraq göstərdiyini bildirdi.
Görüşdə hər iki ölkədə gedən sürətli iqtisadi inkişafda oxşarlığın olduğu vurğulandı.
Prezident İlham Əliyev Azərbaycanın hazırda yüksək inkişafa malik olan Koreya Respublikası ilə əlaqələrin inkişafı üçün gözəl şəraitin olduğunu söylədi və dedi ki, ölkələrimiz arasında ticarət əlaqələri üçün yaxşı tarazlıq yaratmaq olar. Azərbaycanın zəngin təbii sərvətləri, həyata keçirilən qlobal enerji layihələri, qeyri-neft sektoruna və regional inkişafa verilən diqqət, Koreya Respublikasının yüksək texnologiyaları və böyük təcrübəsi ticarət əlaqələrini tarazlaşdıra bilər. Ticarət əlaqələri bugünkü potensiala cavab vermir və bunu daha da artırmaq üçün böyük imkanlar vardır.
Prezident Ro Mu Hyun beynəlxalq və regional əməkdaşlığın davam etdiriləcəyini, ölkəmizdə hava nəqliyyatı sahəsində, dəniz limanlarının tikilməsində əməkdaşlığa, kimya, maşınqayırma sənayesində yüksək texnologiyaların tətbiqinə hazır olduqlarını diqqətə çatdırdı.
Görüşdə bu səfərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağı və çox uğurlu olacağı bir daha vurğulandı, regional və beynəlxalq layihələr barədə söhbət getdi.