Azərbaycan və özbək şagirdləri arasında “İstedadlı uşaqların sorağında” adlı onlayn festival keçirilib
Daşkənd, 17 iyul, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Azərbaycan və özbək şagirdləri arasında beynəlxalq festival keçirilib.
AZƏRTAC xəbər verir ki, “İstedadlı uşaqların sorağında” adlı festivalların əsas məqsədi istedadlı uşaqların üzə çıxarılması, onların bacarıqlarının nümayiş etdirilməsi, gələcəkdə daha böyük uğura nail olması və stimullaşdırılmasıdır.
Onlayn festivalı AMM-nin direktoru Samir Abbasov açaraq uşaqların müstəqil ölkələrimizin gələcəyi olduğunu qeyd edib. Azərbaycanda və Özbəkistanda gənc nəslin dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunduğunu söyləyən direktor Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirib: “Hər bir xalqın ən böyük və dəyərli sərvəti onun uşaqlarıdır”. O, Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğıdan, onların inkişafı üçün həyata keçirdiyi çoxsaylı layihələrdən danışıb.
Sonra festival iştirakçıları öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Çıxış edənlər arasında Humay Bayramzadə Azərbaycanın "Sarı gəlin" xalq mahnısını, Fatimə Babayeva "Gəl ey səhər" mahnısını, Əsmə Quluzadə milli rəqslərimizi, fortepianoda Əli Abbaslı, Akmal Əzizov Azərbaycan klassik əsərlərini ifa ediblər. Bundan başqa şagirdlər tərəfindən Azərbaycan və Özbəkistan dostluğunu əks etdirən rəsmlər, əl işləri, şeirlər təqdim olunub.
Çıxışlar rəğbətlə qarşılanıb, festivala maraq və müraciət edənlərin sayının çox olduğunu nəzərə alan AMM tədbiri 2 gün ardıcıl olaraq keçirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd