AZƏRBAYCAN VƏ UKRAYNA GÖMRÜKÇÜLƏRİ ARASINDA SAZİŞ İMZALANMIŞDIR
Sənəddə hər iki ölkənin gömrük xidmətləri tərəfindən Ukrayna və Azərbaycan hökumətləri arasında gömrük işlərində əməkdaşlıq haqqında 1997-ci il 24 mart tarixli sazişin müddəalarının həyata keçirilməsi məqsədi ilə, kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlığı inkişaf etdirmək və qarşılıqlı yardım göstərmək, gömrük işi sahəsində təcrübə mübadiləsi, metodikaların birgə işlənməsi, elmi tədqiqatların aparılması, seminarların, elmi-praktik tədbirlərin təşkili, elmi-metodik ədəbiyyatın, dərs ləvazimatının hazırlanması, gömrük işi məsələləri üzrə elmi nəşrlər və dərs ləvazimatları ilə mübadilə və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
X X X
BAŞ İDARƏ VƏ YÜK TERMİNALI İLƏ TANIŞLIQ
Ukrayna Dövlət Gömrük Xidmətinin sədri Nikolay Kalenski Azərbaycan gömrük sistemində qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə işində informasiya texnologiyalarından istifadə qaydaları ilə tanışlıq məqsədi ilə Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsində olmuş, idarənin fəaliyyəti ilə maraqlanmışdır.
Qonaq “İpək yolu” yük gömrük terminalının tikintisi ilə də tanış olmuşdur. Bakı yaxınlığında yerləşən və 10 hektar sahəni əhatə edən terminalda 4 yük anbarı, inzibati binalar, yeməkxana, mehmanxana tipli yataqxana və digər yardımçı binalar olacaqdır. Beynəlxalq standartlara uyğun inşa edilən yük terminalının istifadəyə verilməsi çoxtonluq maşınların şəhərə daxil olmasının qarşısını alacaq, şəffaflığı təmin edəcəkdir. Anbar fəaliyyətə başlayandan sonra yüklər müvəqqəti saxlanca veriləcək və təkrar ixrac əməliyyatları da aparılacaqdır. Terminalda gömrük laboratoriyası, soyuducu kameralar da fəaliyyət göstərəcəkdir. Yük terminalı ilə tanışlıq qonaqda xoş təəssürat yaratmışdır.