AZƏRBAYCAN VƏ VAYOMİNQ EYNİ DƏYƏRLƏRİ BÖLÜŞÜR
ABŞ-ın Vayominq ştatının ən böyük gündəlik nəşrlərindən olan “Vayominq Tribune-Eagle” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun “Azərbaycan və Vayominq eyni dəyərləri bölüşür” sərlövhəli məqaləsi dərc olunmuşdur. AZƏRTAC həmin məqaləni ixtisarla oxuculara təqdim edir.
Bu ilin may ayında Azərbaycanın Respublika günü münasibətilə Baş konsulluğumuza göndərilən rəsmi təbrik məktubları arasında ən çox diqqəti cəlb edənlərdən biri Vayominqin qubernatoru Deyv Frudentalın məktubu idi.
Azərbaycanlılar 1918-ci ildə müsəlman aləmində ilk parlamentli respublikanın yaradılmasının 90 illiyini qeyd etmişlər. Vayominqdə və Azərbaycanda yaşayan insanlar üçün ümumi dəyərləri vurğulayan cənab Frudentalın məktubu mənim xalqımın arzularını əks etdirirdi.
Bir faktı qeyd edim ki, Azərbaycanda olduğu kimi, Vayominqin də təbiəti çox gözəldir. Bununla yanaşı, vayominqlilərin bizimlə digər oxşarlığı ondan ibarətdir ki, kişilərlə qadınların eyni səs hüququna malik olması məsələsində onlar da bizim kimi pionerdirlər. Vayominq Amerikada qadınlara seçki hüququ verilən ilk ştat olmuşdur. Azərbaycanda qadınlara bu hüquq hələ 1918-ci ildə, bir çox ölkələrdən əvvəl verilmişdi.
Azərbaycan və Birləşmiş Ştatlar arasında güclü tərəfdaşlıq var. Azərbaycan hərbçiləri amerikalılarla çiyin-çiyinə Əfqanıstanda və İraqda xidmət edirlər. Amerikanın digər regional müttəfiqləri, o cümlədən Gürcüstan və Türkiyə ilə bərabər Azərbaycan Birləşmiş Ştatlarla tarixi İpək yolunun bərpası istiqamətində və onun Avrasiyada tərəqqinin vasitəsi olması üçün birgə səylər göstərməkdədir.
Cənab Frudental məktubunda haqlı olaraq bildirir ki, belə məqsədləri ortaya qoymaq və onlara çatmaq uzaqgörən liderlik tələb edir. Bunun əhəmiyyəti Azərbaycanda keçirilmiş tədbirdə bir daha nümayiş etdirildi. İyunun 10-11-də dünyanın müxtəlif ölkələrinin birinci xanımları Heydər Əliyev Fondunun, YUNESKO-nun və İSESKO-nun birgə təşkil etdiyi mədəniyyətlərarası dialoqda qadınların rolunu müzakirə etmək üçün paytaxt Bakıya toplaşmışdılar. Bu forum Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilirdi. Tədbirdə iştirakçılar mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu daha da gücləndirməyin vacibliyindən danışdılar. Xanım Əliyevanın özü Azərbaycanın müxtəliflik, tolerantlıq və bərabərlik məsələlərində tarixi təcrübəsi haqqında söhbət açdı. Əlbəttə, bu, olduqca mürəkkəb məsələlərin açıq müzakirəsi idi. Bəlkə də, təəccüblü görünməməlidir ki, böyük əhəmiyyət daşıyan bu müzakirəyə də Azərbaycanda təşəbbüs göstərilmişdir.