SİYASƏT
Azərbaycan və Vyetnam xalqları arasında möhkəm dostluq əlaqələri var
AZƏRTAC xəbər verir ki, görüşdə işçi qrupun rəhbəri Novruzəli Aslanov Azərbaycan və Vyetnam xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu, ikitərəfli əməkdaşlığın son vaxtlar sürətlə inkişaf etdiyini deyib. Ölkələrimiz arasında bir çox vacib sənədlərin imzalandığını bildirən N.Aslanov qeyd edib ki, daha bir neçə mühüm sənəd imzalanmağa hazırlanır. O, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfərinin münasibətlərimizin inkişafında önəmli rol oynadığını vurğulayıb.
N.Aslanov Milli Məclisin fəaliyyəti, qəbul edilən yeni qanunlar haqqında məlumat verib. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmini və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində böyük irəliləyişlərə nail olunub.
Vyetnamlı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən N.Aslanov bildirib ki, bu problem regionun təhlükəsizliyi üçün təhdiddir.
Vyetnam Milli Assambleyasının hüquq komitəsinin sədri Fan Trunq Li Azərbaycanın onun üçün çox doğma bir məkan olduğunu bildirib. Qonaq vaxtilə təhsil aldığı Bakı Dövlət Universitetində öyrəndiklərinin ona həyatda çox gərəkli olduğunu söyləyib.
Azərbaycanın son illər sürətlə inkişaf etdiyini vurğulayan Fan Trunq Li ölkəsinin qanunvericilik sistemi barədə də ətraflı məlumat verib.
Görüşdə hər iki ölkənin parlament nümayəndə heyətlərinin səfərlərinin daha da intensivləşməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.