SİYASƏT
Azərbaycan-Vyetnam əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var
AZƏRTAC xəbər verir ki, görüşdə Ziyafət Əsgərov Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərdən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar açıb. Qeyd edilib ki, Azərbaycan ilə Vyetnam arasında müxtəlif istiqamətlərdə, o cümlədən humanitar, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.
Azərbaycandakı sürətli inkişaf proseslərindən danışan Milli Məclis sədrinin müavini deyib ki, bu gün ölkəmiz güclü iqtisadiyyata malikdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov bildirib ki, Ermənistan artıq 20 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Münaqişə nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirir.
Vyetnam Milli Assambleyasının hüquq komitəsinin sədri Fan Trunq Li Azərbaycan ilə Vyetnam arasında dostluq əlaqələrindən söhbət açıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edib.
Vyetnamda vaxtilə Azərbaycanda təhsil almış çoxlu sayda insanın olduğunu bildirən qonaq özünün də Bakı Dövlət Universitetinin məzunu olduğunu diqqətə çatdırıb. O, səfərin nəticələrinin uğurlu olacağına əminliyini bildirib.