“Azərbaycan xalqının şərəf tarixi: 15 iyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib
Mingəçevir, 13 iyun, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan xalqının şərəf tarixi: 15 iyun - Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov çıxışında müstəqilliyin ilk iki ilində ölkədə xaos baş verdiyini, ciddi iqtisadi tənəzzülün yaşandığını və dövlət idarəetməsində səriştəsizliyin hökm sürdüyünü qeyd edib. Rektor xalqın təkidli çağırışlarına cavab olaraq Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtmasını Azərbaycanın müasir tarixinə həlledici dönüş nöqtəsi kimi daxil olduğunu bildirib. Ş.Bayramov öz şəxsi həyatını böyük risk altına qoyan Heydər Əliyevin sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsinin aradan qalxdığını və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.
Rektor ümummilli lider Heydər Əliyev siyasətinin və ideyalarının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkəmizin dünya birliyindəki mövqeyinin davamlı möhkəmlənməsini vurğulayan Ş.Bayramov koronavirusla mübarizə sahəsində Azərbaycanın qlobal miqyaslı fəaliyyətinin hər bir vətəndaşımızda fəxr hissi doğurduğunu qeyd edib.
Sonra konfransda məruzələr dinlənilib.
Çıxış edənlər Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hərtərəfli inkişafı sahəsindəki misilsiz xidmətlərinin gənc nəslə çatdırılması baxımından bu tipli elmi konfransların davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.