AZƏRBAYCAN XARİCİ MƏTBUAT SƏHİFƏLƏRİNDƏ “XƏZƏR – NEFT DƏNİZİ”
Parisdə çıxan məşhur “Mond” qəzetinin aylıq əlavəsi olan “Qovluqlar və sənədlər”in noyabr nömrəsi bütünlükdə Şərq olkələrində baş verən ictimai-siyasi hadisələrə həsr olunmuşdur. “Xəzər - neft dənizi” adlı məqalədə ölkəmizin karbohidrogen ehtiyatları, onun istismarı və nəqli ilə bağlı maraqlı məqamlar vardır.
Məqalənin müəllifi Dominik Qalua Xəzərin sahəsi, balıq və kürüsü, neft ehtiyatı barədə fransız oxuculara məlumat verərək yazır: “Qlobusu xatırladan, 400 min kvadrat kilometr sahəsi olan, balıq və kürüsü ilə tanınan və sərmayə qoyanların böyük ümid bəslədiyi bu dəniz son zamanlar diqqət mərkəzindədir. Amerikalı tədqiqatçılar onun neft ehtiyatının 90-200 milyard barrel, daha ehtiyatlı avropalılar isə 50-100 milyard barrel olduğunu bildirirlər”.
1991-ci ildə SSRİ-nin süqutundan sonra xarici neft şirkətlərinin Xəzəryanı beş dövlətdən ikisinə - Azərbaycana və Qazaxıstana xüsusi diqqət göstərmələri məqalədə öz əksini tapmışdır.
Məqalədə daha sonra deyilir ki, son illərdə kəşf edilmiş ən mühüm yataqlardan biri Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. “Britiş petroleum” tərəfindən istismar olunacaq yataq ölkənin iqtisadiyyatında mühüm rol oynayacaqdır.
Məqalənin sonunda Xəzərin statusu ilə bağlı Xəzəryanı dövlətlər arasındakı fikir ayrılığı və neftin xarici bazarlara çıxarılması məsələləri geniş şərh edilmiş, mütəxəssislərin 1730 kilometrlik Bakı-Tbilisi-Ceyhan marşrutuna üstünlük vermələri və boru kəmərinin inşasına artıq başlanıldığı açıqlanmış, kəmərin respublikamızın iqtisadi həyatında mühüm rol oynayacağı qeyd edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris