Azərbaycan-Yaponiya əlaqələri inkişaf edir
Tokio, 20 noyabr, AZƏRTAC
Azərbaycanın Yaponiyada yaxından tanıdılması məqsədilə ölkəmizin Tokiodakı səfirliyində Beynəlxalq Dostluq Mərkəzinin (International Friendship Centre) üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən səfir G.İsmayılzadə Azərbaycanın son dövrlərdə əldə etdiyi nailiyyətlər, iqtisadi inkişaf, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verib. Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti, milli ənənələri, ölkəmizdə həyata keçirilən böyük layihələr haqqında məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan diplomat 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib. Bununla yanaşı, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynadığı da qeyd edilib.
Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin əhəmiyyətli roluna diqqət çəkən səfir Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi önəm verməsindən, respublikamızın sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanlarından bəhs edib.
Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələr haqqında məlumat verən G.İsmayılzadə ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Gündoğar ölkəyə rəsmi səfərinin iki ölkənin münasibətlərində yeni səhifə açan əlamətdar hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə rəsmi səfəri əlaqələrimizin inkişafına növbəti impuls verib. Bu ilin aprelində Milli Məclisin sədri Oqtay Əsədovun Tokioya rəsmi səfərinin, daha sonra Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Asonun, oktyabr ayında isə iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amarinin Bakıya səfərləri ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir göstərib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio