QAN YADDAŞI
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyində (AYB) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirmişdir ki, AYB bu faciə ilə bağlı hər il tədbirlər keçirir, şəhid şairlərimizin əsərlərini çap etdirir, kitablarının nəşrinə kömək göstərir. Eyni zamanda, anım mərasimlərində şəhidlərimizə həsr edilmiş yeni kitabların təqdimat mərasimi də təşkil edilir. Bu gün də şair Xuraman Vəfanın ölməz Vətən övladlarına həsr edilmiş “Acı həqiqət” və “Taleyimiz yaddaşımızdır” kitablarının təqdimatı keçiriləcəkdir. Hər iki kitabda X.Vəfanın şeir, poema və povestləri yer almışdır. Kitablar Azərbaycan və rus dillərində nəşr edilmişdir.
Tədbirdə çıxış edən AYB-in sədri, xalq yazıçısı Anar demişdir ki, xalqımızın tarixində belə qanlı-qadalı anlar çox olmuşdur. Lakin XX əsrdə azərbaycanlıların başına gətirilən bu müsibət heç vaxt yaddaşlardan silinməyəcəkdir. 20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
Tədbirdə digər çıxış edənlər də ölkəmizdə 20 Yanvar şəhidlərinin ruhuna göstərilən hörmət və ehtiramdan danışmış, qələm adamlarının qəhrəman Vətən övladlarına həsr etdikləri əsərlərdən söz açmışlar.
Tədbirdə ədəbi birliyin üzvləri, tanınmış şair və yazıçılar müstəqilliyimiz uğrunda canlarını qurban vermiş Vətən oğul və qızlarına həsr olunmuş şeir və hekayələrini oxumuşlar.