İQTİSADİYYAT
Azərbaycan Yüksək Texnologiyalar Parkı HP şirkəti ilə anlaşma memorandumu imzalayıb
İnformasiya texnologiyaları sahəsində dünyanın ən iri şirkətlərindən biri olan HP (Hewlett-Packard) şirkətinin oktyabrın 15-də Bakıda yeni ofisi açılıb. Bu münasibətlə keçirilən mərasim çərçivəsində Yüksək Texnologiyalar Parkı ilə HP şirkəti arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimdə iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov HP şirkətinin Azərbaycanda 10 illik fəaliyyətini yüksək qiymətləndirib. Nazir şirkətin Azərbaycan ilə əməkdaşlığının çoxillik təcrübəyə əsaslandığını, HP-nin ölkəmizdə həyata keçirilən bir çox layihələrin reallaşmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. Ə.Abbasov informasiya texnologiyaları şirkətlərinin indiyədək dövlət sifarişləri üzrə layihələrin yerinə yetirilməsinə qoşulduqlarını, HP kimi transmilli şirkətlərin təcrübəsinin Azərbaycan üçün vacibliyi nəzərə alınaraq, gələcək layihələr üzrə sifarişlərin icrasında da onların iştirakının təmin ediləcəyini bildirib.
HP-nin Mərkəzi-Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rastbiçler deyib ki, təmsil etdiyi qurum ötən müddətdə mühüm texnoloji inkişaf dövrü keçib. Bu gün şirkət korporativ sifarişçiləri, kiçik və orta biznes qurumlarını, eləcə də fərdi istifadəçiləri əlverişli texnologiyalarla təchiz edir. Həmçinin son 10 ildə Azərbaycanla uğurlu əməkdaşlıq quraraq, “Azərpoçt”, “Azərkosmos”, Yüksək Texnologiyalar Parkı ilə bu əlaqələri davam etdirir. Şirkət rəsmisi ölkəmizlə uğurlu əməkdaşlığın davam edəcəyinə, gələcək fəaliyyətdə də qarşılıqlı töhfələrin veriləcəyinə əminliyini vurğulayıb.
Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış Yüksək Texnologiyalar Parkı (“YT Park”) ilə HP şirkəti arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə anlaşma memorandumu imzalanıb. Kibertəhlükəsizlik həlləri, yeni texnologiya və innovasiyaların tətbiqini nəzərdə tutan sənədi “YT Park”ın icraçı direktoru Seymur Ağayev və HP-nin Azərbaycan nümayəndəliyinin rəhbəri İnara Quliyeva imzalayıblar.