Azərbaycanda adambaşına təxminən 0.2 hektar yaşıllıq düşür
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan ərazisinin təxminən 11.8 faizi meşə ilə örtülüdür. Ölkə ərazisinin 14 faizini isə meşə fondu torpaqları təşkil edir. Azərbaycanda adambaşına təxminən 0.2 hektar yaşıllıq düşür. Dünyada ortalama rəqəm isə 0.48 hektara bərabərdir. Rəqəmləri müqayisə etsək, görərik ki, ölkəmizdə adambaşına düşən yaşıllıq bir neçə dəfə azdır. Buna görə də meşəlik ərazilərin, yaşıllıqların salınması hər zaman prioritet olmalıdır. Mövcud yaşıllıqları qorumaqla yanaşı, onu zənginləşdirmək, yaşıllıq ərazilərini genişləndirmək olduqca vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.
V.Fərzəliyevin sözlərinə görə, meşələrin ölkəmizdə paylanmasına nəzər saldıqda görərik ki, meşə əraziləri daha çox Böyük Qafqazdadır: “Belə ki, ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazda, 34 faizi Kiçik Qafqazda, 15 faizi isə Lənkəran ərazisindədir. Digər meşəlik ərazilər isə əsasən düzən ərazilərin payına düşür. Düzən meşələr əsasən Samur-Şabran ovalığı, Alazan-Əyriçay vadisi, Qarabağın cənub ərazilərindədir. Düzən meşələri içərisində Tuqay meşələri xüsusi qeyd edilməlidir”.