Azərbaycanda elm və təhsilin inkişafında Heydər Əliyevin böyük xidmətləri olub
Qəbələ, 6 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda konfrans keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransın əvvəlində Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransda Peşə Təhsil Mərkəzinin müəllimləri Çinarə Hümbətova, Aynur Zəkəriyəzadə, Ülviyyə Allahverdiyeva, Xədicə Cavadlı və başqaları çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin zəngin həyat yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən, elm və təhsil sisteminin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, kadr potensialının yaxşılaşdırılmasına göstərdiyi qayğıdan ətraflı bəhs ediblər. Vurğulanıb ki, “Təhsil millətin gələcəyidir" deyən Heydər Əliyev təhsil işçilərinə həmişə xüsusi diqqət və qayğı göstərib. Hər bir sahədə olduğu kimi, təhsildə də əldə edilmiş nailiyyətlərin bir çoxu Ulu Öndərin adı ilə bağlıdır.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.