Azərbaycanda idmanın üzgüçülük növü inkişaf edir
Bakı, 26 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 24-26-da Azərbaycanda üzgüçülük üzrə açıq ölkə çempionatı keçirilib. Turnirdə 120 üzgüçü iştirak edib.
Üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov AZƏRTAC-a müsahibəsində deyib: “Bu yarışın təşkil edilməsindən əvvəl planlarımız var idi və sevinirəm ki, onları həyata keçirə bildik. Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanda üzgüçülüyü xüsusən uşaqlar arasında təbliğ etmək, ölkədə bu idman növünün inkişafını dünya səviyyəsinə çatdırmaqdır. Bunun üçün məşqçilərin də peşəkar olması vacibdir. Bütün bunları nəzərə alaraq yarışlar çərçivəsində üzgüçülük üzrə məşqçilər üçün ikinci beynəlxalq seminar da təşkil olunub. Hər yarış günü məşqçilər üçün seminarlar keçirilir”.
Baş məşqçi qeyd edib ki, yarışların nəticələrinə əsasən, Azərbaycan yığmasının heyəti məlum olacaq və onlar beynəlxalq yarışlarda iştirak hüququ əldə edəcəklər. “Xanım üzgüçülərimizdən Fatimə Alkərimova Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanıb. Həmin vəsiqələrin sayını dördə çatdırmaq istəyirik. Buna görə də gənc və kiçik yaş qrupunda mübarizə aparan atletlərə ümidimiz böyükdür. Təcrübəli idmançılardan Maksim Şemberev IV İslam Həmrəyliyi Oyunlarının dördqat çempionu oldu. Bununla yanaşı, o, oktyabrın 4-5-də Qətərdə keçirilən dünya kubokunun qalibi və mükafatçıları sırasındadır. Bu da Azərbaycanda üzgüçülüyün inkişaf etməsinin göstəricisidir. Oktyabrın 29-da 500 azyaşlı arasında yarış təşkil edildi. Nəticələr onu göstərir ki, ölkəmizin bu idman növü üzrə potensialı var”, - deyə baş məşqçi əlavə edib.
R.Əbdürəhmanov açıq Azərbaycan çempionatı haqqında məlumat verərək bildirib ki, yarışa yerli idmançılarla yanaşı, Qazaxıstandan 4, Gürcüstandan 35 atlet qatılıb. Baş məşqçi yarışın təşkilində verilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına və Bakı Su İdmanı Sarayının rəhbərliyinə minnətdarlığını bildirib.