Azərbaycanda internet kanallarının tariflərinin endirilməsi gözlənilir
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət rabitə operatorları “Aztelekom” və “Baktelekom” tərəfindən “İnternet Service Provayder (İSP)” şirkətlərinə ATS-lər tərəfindən təqdim edilən kanalların tariflərinin azaldılması məsələsi müzakirə olunmuşdur. Eyni zamanda, Azərbaycanın ilkin provayderi “Delta Telecom” şirkətinə internet provayderlərə təqdim edilən internet kanalları üzrə tariflərin endirilməsi təklifi edilmişdir.
Sonda “Aztelekom” və “Baktelekom” tərəfindən “İSP” şirkətlərinə ATS-lər tərəfindən təqdim olunan kanalların tariflərinin azaldılması ilə bağlı ilkin razılaşma əldə edilmişdir.
Ötən il ərzində ölkədə məlumatların ötürülməsi keyfiyyətinin artırılması istiqamətində işlər aparılmış və nəticədə beynəlxalq kanalların tutumu 2,2 dəfə artmış, qiymətlər isə 35 faiz endirilmişdir. Perspektivdə bu meylləri davam etdirmək planlaşdırılır.