Azərbaycanda İslam maliyyəsinin inkişafı üçün yeni alətlərin tətbiqinə ehtiyac var VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev 3-cü İslam Maliyyə Forumunda deyib.
O bildirib ki, İslam maliyyəsinin inkişafında ikinci mərhələ 2023-cü ilin yanvarından başlayıb. Bu mərhələnin sürətlənməsində Azərbaycanda maliyyə sektorunun inkişafına dair dövlət proqramı mühüm rol oynayıb. Proqramda İslam bankçılığının inkişafı, eləcə də qiymətli kağızlar bazarında sukuk alətlərinin tətbiqi ilə bağlı məsələlər əksini tapıb. Ölkədə xüsusi tənzimləmə rejiminin formalaşdırılması da İslam maliyyəsi məhsullarının sınaqdan keçirilməsi üçün imkan yaradıb. 2025-ci il bu baxımdan əlamətdar olub. Həmin il “Rabitəbank” və digər aidiyyəti qurumlarla, o cümlədən Azərbaycan Mərkəzi Bankı arasında müvafiq müqavilələr imzalanıb, “Mudaraba” və “Murabaha” maliyyələşdirmə alətlərinin tətbiqinə imkan yaradılıb. “Mudaraba” tərəflər arasında investisiya və mənfəət bölgüsünə əsaslanan tərəfdaşlıq modelidir. “Murabaha” isə maliyyə təşkilatının malı və ya avadanlığı alaraq üzərinə əvvəlcədən razılaşdırılmış mənfəət əlavə etməklə müştəriyə nisyə satması mexanizmidir.
R.Atakişiyev qeyd edib ki, İslam maliyyəsinin inkişafına töhfə verən beynəlxalq qurumlardan biri də İslam İnkişaf Bankıdır. Bank 2023-cü ilin yanvarından indiyədək Azərbaycanda fəaliyyət göstərən tərəfdaş banklar vasitəsilə 165 milyon ABŞ dolları, yəni təxminən 272 milyon manat vəsait ayırıb. Bu vəsaitin böyük hissəsi artıq yerləşdirilib və banklar vasitəsilə “Murabaha” mexanizmi əsasında müştərilərə təqdim olunub. Bu sahədə yalnız bank məhsullarının tətbiqi ilə kifayətlənmək olmaz. Müştərilərin ehtiyaclarının müxtəlifliyi nəzərə alınaraq, İslam maliyyəsi alətlərinin qiymətli kağızlar bazarı, mikromaliyyə, lizinq və fintex sahələrində də inkişaf etdirilməsi vacibdir.
Foto - Xanlar Əlizadə