CƏMİYYƏT
Azərbaycanda köçəri quşların populyasiyasında sabitlik müşahidə olunur
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı, 12 oktyabr, AZƏRTAC
Ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb. Bunların 27 faizi qışlayan, 10 faizdən çoxu isə köçəri quş növləridir. Avrasiyada quşların ən böyük miqrasiya yollarından biri də ölkəmizin ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əks istiqamətə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon su-bataqlıq quşu keçir. Onlar ərazimizdən istirahət və yemlənmək üçün dayanacaq kimi istifadə edirlər. Azərbaycan Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biridir.
Bunu Ümumdünya Köçəri Quşlar Günü ilə əlaqədar AZƏRTAC-a müsahibəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib.
Azərbaycanın köçəri quşların yerləşməsi, eyni zamanda, miqrasiyası baxımından unikal əhəmiyyətə malik olduğunu bildirən rəis müavini fikirlərinə belə davam edib: “Əsas miqrasiya yolları Xəzər dənizi boyunca hərəkət edir. Son sayım prosesi göstərir ki, Azərbaycanda qışlama dövründə 700 mindən artıq quş qışlayır. Onların böyük əksəriyyəti xüsusi mühafizə olunan təbiət ərazilərində məskunlaşır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da “Qırmızı kitab”ın nəşrləri onu göstərir ki, növlərin sayının ciddi qorunma altında olmasına baxmayaraq, onlar iqlim dəyişmələrinin təsirinə görə təhlükədədir. Lakin xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması nəticəsində bəzi növlərin saylarında artıq stabilləşmə müşahidə olunur. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda Ümumdünya Ramsar əraziləri mövcuddur, hansı ki köçəri quşların qışlaması üçün böyük əhəmiyyəti var. Azərbaycanda Qızılağac və Ağgöl milli parkları Ramsar siyahısına daxil edilib”.
R.Allahverdiyev ölkəmizdə bioloji müxtəlifliyin qorunması istiqamətində atılan addımlar nəticəsində miqrasiya edən, həmçinin köçəri quşların populyasiyasında stabillik müşahidə olunduğunu da diqqətə çatdırıb.