Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb
Lənkəran, 22 iyul (AZƏRTAC). İyulun 22-də Lənkəran Şəhər İcra Hakimiyyətində milli mətbuatımızın 139-cu ildönümü ilə bağlı jurnalistlərlə görüş keçirildi.
AZƏRTAC xəbər verir ki, rayonda nəşr olunan qəzet və jurnalların əməkdaşlarının, cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçilərinin qatıldıqları tədbirdə çıxış edənlər mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik etdilər.
Qeyd olundu ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılıb.
Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin sərəncamları ilə kütləvi informasiya vasitələri əlavə dəyər vergisindən, qəzetlər “Azərbaycan” nəşriyyatına olan borclarından azad edilib, ölkəmizdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, mətbuat işçilərinə yardımlar edilib, onların mənzil şəraiti yaxşılaşdırılıb.
Bildirilib ki, “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan milli mətbuatının inkişafı, ümummilli lider Heydər Əliyevin milli mətbuata, jurnalistikaya göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda mətbuat işçilərinin bir qrupuna fəxri fərmanlar və mükafatlar təqdim edildi.