Azərbaycanda milli mətbuatın müstəqil fəaliyyəti üçün zəngin baza mövcuddur
Gəncə, 22 iyul (AZƏRTAC, Sabir Əliyev). Milli mətbuatımızın 139-cu ildönümü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirildi.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər əsası 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli yoldan danışdılar. Azad söz və fikrin formalaşmasında jurnalistlərin yaxın dostu olan ulu öndər Heydər Əliyevin gördüyü işləri diqqətə çatdıran görüş iştirakçıları ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılan zəngin qanunvericilik bazasından, bu sahədə çalışan insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açdılar.
Görüşdə bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri çıxış edərək əməklərinə verdiyi yüksək dəyərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Jurnalistlər öz ənənələri olan milli mətbuatımızın bundan sonrakı inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklərinə inam ifadə etdilər.
Sonda Gəncənin ictimai-siyasi həyatının mətbuatda işıqlandırılmasında fərqlənən bir qrup jurnalistə şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.