“AZƏRBAYCANDA ÖZƏLLƏŞDİRMƏNİN 10 İLİ: NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR” FORUMUNUN İŞTİRAKÇILARINA
Sizi – “Azərbaycanda özəlləşdirmənin 10 ili: nailiyyətlər və perspektivlər” forumunun iştirakçılarını salamlayır, işinizdə uğurlar arzulayıram.
Ölkəmizdə bazar iqtisadiyyatına keçid istiqamətində aparılan islahatlar arasında dövlət əmlakının özəlləşdirilməsi prosesi mühüm yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş müxtəlif mülkiyyət formalarına əsaslanaraq, qısa müddət ərzində ölkədə böyük potensiala malik xüsusi mülkiyyət formalaşmışdır.
Prioritet istiqamətləri xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən özəlləşdirmə siyasəti əsasında qəbul edilmiş iki Dövlət Özəlləşdirmə Proqramı Azərbaycanda işgüzar mühitin fəallaşmasına, iqtisadiyyatda struktur dəyişikliklərinin dərinləşməsinə, azad sahibkarlığın inkişafına, sağlam rəqabət mexanizminin formalaşmasına güclü təkan vermişdir. Eyni zamanda, bazar iqtisadiyyatı prinsiplərinə söykənən, biznesdə yeni münasibətləri tənzimləyən müasir normativ-hüquqi və təşkilati baza yaradılmışdır.
Yerli və xarici sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti iqtisadiyyatın bütün sahələrinə sərmayə qoyuluşunu artırıb, Azərbaycanın iqtisadi potensialının daha da güclənməsini təmin edir. Son 10 il ərzində ölkədə özəl bölmənin sürətli inkişafı onun ümumi daxili məhsulda xüsusi çəkisini 80 faizə yaxınlaşdırmışdır. Əminəm ki, özəl bölmənin inkişafı gələcəkdə də uğurla davam edəcək və Azərbaycan qısa bir müddət ərzində inkişaf etmiş ölkələrin sırasında öz layiqli yerini tutacaqdır.
Hörmətli forum iştirakçıları!
Sizi bu forumun keçirilməsi münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
11 iyul 2006-cı il.