CƏMİYYƏT
Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 mindən çox fərd qеydə аlınıb.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Bu gün - oktyabrın 12-si Ümumdünya Köçəri Quşlar Günüdür, 2006-cı ildən etibarən ildə iki dəfə - may və oktyabr aylarının ikinci şənbə günü qeyd edilir.
O qeyd edib ki, günün əsas məqsədi köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyi və təhlükəsizliyinin təmin olunmasına ictimaiyyətin diqqətini yönəltməkdir.
“Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır. Şərqi Avropadan və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə hər il milyonlarla quş köç edir. Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il quşların sayğısı həyata keçirilir”.
Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisindəki quşların qış sayğısının nəticəsinə əsasən 704 min 22 fərd (42%-i ölkənin şimalında, 37%-i cənubunda, 14%-i mərkəzində, 7%-i isə qərbində) qеydə alınıb.
“Bu il quşların daha çox müşahidə edildiyi milli parklarımız Qızılаğаc, Abşeron, Ağgöl milli parkları, o cümlədən Ələt buxtası və Acınohur düzü olub”, - deyə o bildirib.