AZƏRBAYCANDA ŞƏKƏR İSTEHSALI VƏ İXRACI İMKANLARI ARTIR
Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsulları istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, respublikada əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması və şəkərə ehtiyacının təkcə idxal vasitəsilə deyil, həm də daxili istehsal hesabına ödənilməsi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Hazırda respublikamızın şəkərə olan tələbatı 146,2 min tondur. Ölkəmizin torpaq-iqlim şəraiti bu məhsulun əsas xammalı olan şəkər çuğundurunun istehsalı üçün əlverişlidir.
“Azersun Holdinq” Şirkətlər Qrupunun İmişlidəki zavodunun xarici ölkələrdən aldığı şəkər qamışı hesabına istehsal etdiyi məhsul daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanı da yaradır. Məsələn, 2006-cı ildə respublikaya 160,5 min ton (51 milyon ABŞ dolları məbləğində) şəkər və şəkər məmulatı (xammal) gətirilmiş, bunun müqabilində 13,2 milyon dollar dəyərində 26 min ton şəkər ixrac edilmişdir. Ötən il isə 294 min ton (96,4 milyon ABŞ dolları dəyərində) xammal idxal, 278 min ton (142,4 milyon ABŞ dolları) şəkər ixrac olunmuşdur.
Hazırda 2008-ci ilin məhsulu üçün yerlərdə fermerlərlə müqavilələrin bağlanması davam etdirilir. Müqavilə bağlayan torpaq sahibləri vəsait, mineral gübrə, digər istehsal vasitələri, xüsusilə toxum materilalı ilə təmin olunurlar. Gəncə Regional Aqrar-Elm Mərkəzinin bazasında toxumçuluq sahəsində yeni sortların respublika şəraitində öyrənilməsi və onların rayonlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu isə ölkəmizdə şəkər çuğunduru istehsalının yeni bir sahə kimi inkişafına təkan verəcək, emal sahəsinin yerli xammalla təmin olunmasında mühüm rol oynayacaqdır.