AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV QUBA KONSERV ZAVODUNDA OLMUŞDUR
Zavodun qarşısına toplaşanlar Baş naziri hərarətli alqışlarla və gül-çiçəklə qarşıladılar.
Quba konserv zavodunun direktoru Elman Mirzəxanov Azərbaycan hökumətinin başçısını istehsal prosesi ilə tanış etdi. İlk öncə müasir avadanlıqla təchiz olunmuş və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş təbii şirələr istehsal edən sexin fəaliyyəti haqqında məlumat verildi. Bildirildi ki, bu məhsullar həm daxili bazarda satılır, həm də xarici ölkələrə göndərilir.
Sonra Baş nazir İlham Əliyev meyvə konservləri istehsal edən sexə gəldi və burada quraşdırılmış müasir avadanlıqla tanış oldu. Ona məlumat verildi ki, son illər istehsalın genişləndirilməsi və məhsul satışının artması nəticəsində zavodda işləyənlərin sayı 200 nəfərə çatmışdır.
Baş nazir İlham Əliyev zavodun fəhlələri ilə səmimi görüşdü və onlara işlərində uğurlar dilədi.