AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Ankaranın Esenboğa hava limanında Baş nazir İlham Əliyevi Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər, Ankara valisi Yəhya Gur, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, ölkəmizin İstanbuldakı baş konsulu İbrahim Yaqubov və digər rəsmi şəxslər qarşıladılar.
X X X
Baş nazir İlham Əliyev həmin gün Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etdi. O, böyük öndərin xatirəsinə ehtiram əlaməti olaraq, məzarın önünə əklil qoydu, xatirə kitabına ürək sözlərini yazdı.
Sentyabrın 8-də Azərbaycanın Baş naziri İlham Əliyev Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər ilə görüşdü.
Azərbaycanın Baş naziri İlham Əliyevin qardaş ölkəyə səfəri çərçivəsində sonuncu görüşü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla oldu. Hökumət başçılarının təkbətək söhbətindən sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi.
Sonra Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında saziş imzalandı. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov, Türkiyə tərəfdən Baş nazirin müavini, xarici işlər naziri Abdullah Gül imzaladılar.
İmzalanma mərasimindən sonra Azərbaycan və Türkiyənin baş nazirləri birgə mətbuat konfransı keçirdilər.
Həmin gün axşam Türkiyə Baş nazirinin iqamətgahında Azərbaycanın Baş naziri İlham Əliyevin şərəfinə rəsmi şam yeməyi verildi.
Səfər çərçivəsində dostluq və mehribanlıq şəraitində keçən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin həyata keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, habelə ölkələrimizi maraqlandıran bir sıra başqa məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Baş nazir İlham Əliyev həmin gün gecə Bakıya qayıtmışdır.