QAN YADDAŞI
AZƏRBAYCANIN BİŞKEKDƏKİ SƏFİRLİYİNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bişkek, 19 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan diasporunun üzvləri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli KİV-lərin nümayəndələri iştirak etmişlər.
Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş cinayət kimi xarakterizə etmiş, o hüznlü günlərdə ulu öndər Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyimizə getməsi və əliyalın xalqa qarşı törədilmiş vəhşiliklərdə Mixail Qorbaçov başda olmaqla sovet imperiyasını ittiham etməsı haqqında məlumat vermişdır. Səfir demişdir ki, həmin gecə xalqımız ağır itkiyə məruz qalmasına baxmayaraq daha da mətinləşmiş, imperiya qoşunları onun mübariz ruhunu sındıra bilməmişdir.
Professor Akif Rəfibəyli, müəllim Flora Şıxlinskaya, Qırğızıstan-Azərbaycan Gənclər Birliyinin rəhbəri Lalə Abdullayeva və başqaları xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışmış, dinc əhaliyə sovet rejimi tərəfindən qanlı divan tutulmasını, qocalara, qadınlara, uşaqlara aman verilməməsini ittiham etmişlər.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.
Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən hazırlanmış məlumatlar toplusu Qırğızıstan parlamentinin üzvlərinə, Xarici İşlər Nazirliyinə, diplomatik korpusa, Diplomatik Akademiyaya, ölkənin aparıcı informasiya agentliklərinə göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek