Azərbaycanın “BlackRock” və GIP ilə uzunmüddətli tərəfdaşlığı infrastruktur və texnologiyaların hərəkətverici qüvvəsi kimi
Bakı, 21 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock” və onun tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkəti arasında niyyətlər haqqında protokolun imzalanması və gələcək birgə investisiyaların müzakirəsi tərəflər üçün uzunmüddətli strateji əməkdaşlıq imkanları açır.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan üçün infrastrukturu modernləşdirmək, texnoloji istiqamətlərin inkişafı və beynəlxalq kapitalın cəlb edilməsi üçün şansdır.
“BlackRock” və GIP üçün isə beynəlxalq bazarlarda mövcudluğun genişləndirilməsi, işgüzar nüfuzun möhkəmləndirilməsi və dövlət strukturları ilə birgə iri investisiya layihələrinin həyata keçirilməsində iştirak deməkdir.
Yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda “BlackRock” şirkətinin baş icraçı direktoru Larri Fink və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, idarə heyətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan Dövlət Neft Fondunun “BlackRock” ilə əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini, həmçinin ölkənin infrastruktur sektorunda potensial investisiya imkanlarını müzakirə ediblər. Görüşün mühüm nəticəsi uzunmüddətli əməkdaşlıq haqqında niyyətlər protokolunun imzalanması olub. Bu sənəd SOFAZ, “BlackRock” və GIP arasında strateji tərəfdaşlığı, eləcə də üç-dörd il ərzində GIP tərəfindən idarə olunan infrastruktur fondlarına və ARDNF-in birgə investisiya layihələrinə 1,5 milyard dollaradək kapital qoyuluşu imkanlarının öyrənilməsini nəzərdə tutur.
“BlackRock” idarəetməsində 9 trilyon dollardan artıq vəsait olan, aktivlərin idarə edilməsi istiqamətində ixtisaslaşmış dünyanın ən iri şirkətlərindən biridir. Şirkət investisiyalar, fondların və risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərir, institusional və fərdi müştərilərə kapitalın diversifikasiyası, uzunmüddətli investisiya və dayanıqlı inkişaf üzrə həllər təklif edir. “BlackRock” qlobal maliyyə bazarlarında fəal iştirak edir, infrastruktur və texnoloji layihələr həyata keçirir və ESG-investisiyaları sahəsində aparıcı oyunçulardan biridir. “BlackRock”un tərkibinə daxil olan GIP nəqliyyat, energetika, kommunal və texnoloji infrastruktur sahələrində infrastruktur fondlarının idarə olunması və investisiyalar üzrə ixtisaslaşıb. Şirkətin layihələri sırasında hava limanları, dəniz limanları, enerji istehsalı obyektləri və data-mərkəzlər yer alır. GIP iri beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsində geniş əməliyyat və idarəetmə təcrübəsinə malikdir və onların inkişafı üçün uzunmüddətli institusional investisiyalar cəlb edir.
Bu əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətli perspektivlər açır. Birincisi, beynəlxalq investorların cəlb edilməsi fondun maliyyə axınlarının şaxələndirilməsinə və ölkənin neft-qaz sektorundan asılılığının azaldılmasına imkan yaradır, uzunmüddətli perspektivdə iqtisadi dayanıqlığı təmin edir. İkincisi, data-mərkəzlər, bulud texnologiyaları, süni intellekt və hava limanı infrastrukturu da daxil olmaqla infrastruktura birgə investisiyalar ölkənin texnoloji və logistika inkişafı üçün platforma formalaşdırır, rəqəmsal transformasiyaya və regional nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsinə töhfə verir.
Bundan əlavə, iri beynəlxalq şirkətlərlə əməkdaşlıq mürəkkəb infrastruktur layihələrinin həyata keçirilməsində qabaqcıl idarəetmə təcrübəsinə və beynəlxalq standartlara çıxışı təmin edir.
“BlackRock” və GIP üçün də Azərbaycanla tərəfdaşlıq aydın üstünlüklər yaradır. Strateji infrastruktur layihələrində iştirak regionun inkişaf etməkdə olan bazarında investisiya üfüqlərinin genişləndirilməsinə və şirkətlərin etibarlı institusional investor kimi mövqelərinin möhkəmləndirilməsinə imkan verir.
Bundan əlavə, birgə layihələrin reallaşdırılması uzunmüddətli investisiyaların səmərəli idarə olunmasına və şirkətlərin infrastruktur fondlarının idarə edilməsində qlobal təcrübəsinin praktiki tətbiqinin nümayiş etdirilməsinə şərait yaradır.