İQTİSADİYYAT
Azərbaycanın BMT ilə növbəti beş il üçün tərəfdaşlıq çərçivəsi sənədi müzakirə edildi
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Hökuməti və BMT arasında əməkdaşlıq üzrə prioritet sahələr və onların nəticələri müzakirə edildi.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatı barədə məlumat verərək, ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini vurğuladı. Bildirildi ki, Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verir. 2016-2020-ci illəri əhatə edən UNAPF sənədi də bu qəbildəndir.
Azərbaycanda 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə müəyyən olunmuş prioritetlərin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğunlaşdırıldığını qeyd edən S.Həsənova vurğuladı ki, hazırda əsas məqsəd insan kapitalının inkişafına nail olmaqdır. Bunun üçün UNAPF sənədinin İlkin Nəticələr Cədvəlini (Monitorinq və Qiymətləndirmə çərçivəsi daxil olmaqla) tərəfdaşlar və maraqlı tərəflərlə müzakirə etməli və razılaşdırmalıyıq.
BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk bildirdi ki, 2016-2020-ci illəri əhatə edən sənədin imzalanması BMT və Azərbaycan arasında əlaqələri daha da gücləndirəcək, strateji prioritetləri müəyyənləşdirəcək. Bu sənəd özündə üç əsas sahəni ehtiva edir. Onlardan birincisi iqtisadi inkişaf və ölkədə iş yerlərinin sayının artırılması, ikincisi təşkilatı potensialın gücləndirilməsi və effektiv ictimai-sosial xidmətlər göstərilməsidir. Üçüncü sahə isə ətraf mühit üzrə idarəçiliyi, təbii və antropogen fəlakətlərə qarşı dayanıqlığın təmin edilməsini nəzərdə tutur.
Konfransda UNAPF-ın nəticələr qrupları üzvlərinin “İqtisadi inkişaf və layiqli iş yerlərinin artırılması”, “Təşkilati potensialın gücləndirilməsi və sosial xidmətlər” mövzularında təqdimatları dinlənildi.
Məsləhətləşmələrdə əlaqəli dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etdilər.