AZƏRBAYCANIN DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZV OLMASINA HAZIRLIQ İŞLƏRİ ÜZRƏ KOMİSSİYANIN BEŞİNCİ İCLASI KEÇİRİLMİŞDİR
Komissiyanın sədri, iqtisadi inkişaf naziri Heydər Babayev dördüncü islasdan sonra görülmüş işlər barədə məlumat vermiş, DTT-yə üzvolma prosesinin ləngimədən, Azərbaycanın iqtisadi maraqlarını tam təmin edə biləcək şəkildə aparılması zərurətini vurğulamış, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra DTT Katibliyinə təqdim olunmaq üçün hazırlanmış sənədlər – sual-cavab toplusu və tarif təklifləri, xidmətlər sahəsi üzrə öhdəlik təklifləri, həmçinin, kənd təsərrüfatının subsidiyalaşdırılması cədvəli, qanunvericiliyin təkmilləşdirilməsi planının yeniləşdirilmiş variantları və s. müzakirəyə çıxarılmışdır. Qeyd edilmişdir ki, bu sənədlərdə komissiya üzvlərinin təmsil etdiyi dövlət qurumlarının rəyləri də nəzərə alınmışdır.
İclasda işçi qruplarının rəhbərləri və digər iştirakçılar müzakirə olunan sənədlərlə, səslənən təkliflərlə bağlı fikirlərini bildirmişlər.
Müzakirələrdən sonra komissiya DTT Katibliyinə təqdim olunmaq üçün hazırlanmış sənədləri təsdiq etmişdir. Eyni zamanda, ixtisaslaşmış danışıqlar qrupunun yaradılması, üzvolma strategiyası və danışıqlar taktikası sənədinin 2 ay müddətində hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunması qərara alınmışdır.